|
|
|
Neft və qaz | | | ARDNŞ və «Statoil» birgə tədqiqat müqaviləsi imzalayıb |
06.07.2012 | |
| |
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Norveçin «Statoil» şirkəti birgə tədqiqat müqaviləsi (BTM) imzalayıb.
«Statoil»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, tədqiqat Abşeron yarımadasının şimal-qərbindəki dayaz sulu ərazidə geoloji-geofiziki məlumatların dəyərləndirilməsini əhatə edəcək.
İmzalanma mərasimində “Statoil” şirkətinin beynəlxalq kəşfiyyat işləri üzrə vitse-prezidenti Nik Maden bildirib ki, “Statoil” şirkətinin bu yaxınlarda Norveç, Tanzaniya və Braziliyada apardığı yüksək effektiv dəniz kəşfiyyat işləri şirkətin bilik və bacarığını təsdiqləyir və texnologiyanın kəşfiyyat işlərində böyük potensial açmaq imkanına malik olduğunu sübut edir: «ARDNŞ ilə müqavilə həmçinin iki şirkət arasında əməkdaşlığın dərinləşməsində də vacib addımdır».
“Statoil”un Azərbaycan nümayəndəliyinin rəhbəri Lars Troen Sorensen isə qeyd edib ki, “Statoil” Azərbaycanda 20 ildən çoxdur fəaliyyət göstərir: «Biz bu BTM vasitəsilə Azərbaycanda “Statoil” üçün mümkün operatorluq funksiyasını daşıyacağımız yolda texnoloji və kəşfiyyat təcrübəmizi paylaşacağımızı səbirsizliklə gözləyirik. Azərbaycanın kəşfiyyat potensialına malik olduğuna inanırıq. Bakıdakı ofisimizdə Xəzər dənizinin Azərbaycan sektorunda yeni imkanların aşkar edilməsi ilə məşğul olan kəşfiyyat işçi qrupu yaratmışıq. Bu BTM hər iki şirkətdən ciddi öhdəlik götürməsini tələb edəcək”.
Qeyd edək ki, «Statoil» Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkədə ikinci ən iri xarici investor hesab olunur. «Statoil» Azərbaycana 5 mlrd. ABŞ dollarından artıq sərmayə qoyub və «Azəri»-«Çiraq»-«Günəşli» (AÇG) neft yatağında 8,56%, «Şahdəniz» qaz yatağında 25,5% pay bölgüsü ilə, eləcə də Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (SCP) layihəsində tərəfdaşdır.
www.apa.az
|
|
|
|