Nərmin xanım, ilk öncə məlumat verərdiniz, Birliyin yaranmasından. İdeya necə yarandı?
İdea həyatdan götürülüb.
Bu layihəyə başlamaq fikri məhz öz ailələrimizdə və cəmiyyətdə müşahidə etdiyimiz proseslər nəticəsində yaranmışdır. Daha aydın şəkildə desək, valideynlərimiz gənclik illərində çox aktiv həyat tərzi keçirirlər, lakin pensiyaya çıxdıqdan sonra onların həyatlarında müəyyən bir boşluq yaranır. Bu da öz evimizdə müşahidə etdiyimiz proses idi.
Ümumiyyətlə əmək pensiyasına çıxmış yaşlıların əksəriyyəti passiv həyat keçirdikləri üçün özlərini cəmiyyət üçün “yad” hesab edirlər. Təbii olaraq, bu hal onların həyatlarında depressiv halların yaranmasına səbəb olur.
Bu vəziyyət təşkilatın həmtəsisçisi Natəvan xanımla bizi çox düşündürürdü. Pensiya yaşına çatmış insanların üçüncü baharlarını necə yaşadacağımıza dair düşünməyə başladıq. Nəticədə Üçüncü Bahar yarandı...
Hal-hazırda neçə üzvünüz var? Onların yaş kateqoriyalarını vurğulayardınız zəhmət olmasa
8 illik fəaliyyətimiz nəticəsində on minlərlə yaşlı insanın həyatına toxunmuşuq.
Üçüncü Bahar üzvlərinin yaş kateqoriyası 60 yaşdan başlayır. Buna səbəb, uzun illər əmək fəaliyyətində olan insanların işdən ayrılmaq prosesini rahat şəkildə yaşamaqlarına şərait yaratmaqdır. Təcrübə göstərir ki, fəal karyerası olan insanlar, passiv həyat tərzinə keçdikdə həm fiziki həm mental sağlamlıqlarında ciddi gerimələr baş verir.
Biz daima yaşlı insanların hərəkətdə olmaqlarını təşviq edirik. Hərəkətdə olmaqları təkcə işə gedib-gəlməkləri deyil təbii ki. Biz onlara istənilən yaşda faydalı və maraqlı fəaliyyətdə ola biləcəklərini təlqin edirik. Bu da çox yaxşı nəticələr verir.
Layihələriniz haqqında danışaq
Üçüncü Bahar Yaşlılara Dəstək İctimai Birliyi pensiyaçıların yalnız sosial rifahını yaxşılaşdıraraq, asudə zamanlarının təşkilinə fokuslanmayıb. Eyni zamanda yaşlı nəslin nümayəndələrinin iştirakı ilə faydalı layihələr icra edir. Yaşlı insanların töhfə verə biləcəyi proseslərdə iştiraklarını stimullaşdırırıq. Onların cəmiyyətin inkişafına qatqılı olmaqlarına zəmin yaradırıq.
Buna misal olaraq “Güclü Zəriflər” teatr tamaşasını, “Nə? Harada? Nə Zaman?” intellektual oyununu, “Bahar Ahəngi” xor qrupunun fəaliyyətini, əlilliyi olan uşaqlarla üzvlərimizin davamlı görüşlərini, özündə fəal yaşlanmanı ehtiva edən idman turnirlərini və s. layihələrimizi göstərə bilərik.
Səhv etmirəmsə Mingəçevirdə də Mərkəziniz var, o haqda məlumat verərdiniz
Nəinki Mingəçevirdə, Bakıda, Şamaxıda YAŞA mərkəzlərimiz fəaliyyət göstərir. mərkəzlərinin xidmətlərindən aylıq 400- dən çox şəxs faydalanır.
Növbəti YAŞA Mərkəzinin İçəri Şəhər Qoruğunun ərazisində açılması nəzərdə tutulmuşdur.
Üzvləriniz ən çox hansı mövzular ilə maraqlanır?
Bu suala birmənalı cavab verə bilməyəcəm. Desəm ki, baletlə, aktyorluq sənəti ilə, velosiped sürməklə, kriptovalyuta ilə....
Yaşlı nəslin nümayəndələri olduqca dərin biliklərə, təcrübəyə malikdirlər. Elə üzvlərimiz var ki, sanki bir ensiklopediyadır. Biz onları yeniliklərlə tanış edirik, eyni zamanda onlardan öyrəndiklərimizin dəyəri əvəzsizdir.
Bildiyiniz kimi təşkilatımızın mandatlarından biri də nəsillərarası dialoqun inkişafıdır. Yaşlı nəsil nümayəndələrinin dəstəyi ilə ailə institutunun formalaşması, ailə daxili sağlam münasibətlərin qorunub saxlanması yolları ailə qurmaq niyyətində olan gənc nəslin nümayəndərinə ötürülür.
Yeni layihələriniz varmı və ya gözlənilirmi?
Biz daima yenilik etməyə və inkişafa mane olan stereotipləri qırmağa, yaşlı insanların həyat keyfiyyətlərinin yüksəldilməsinə çalışırıq. Uzun illər öncə ölkədə ilk dəfə yaşlılar arasında könüllülük proqramı təşkil etdik. Bir çox sayda kommersiya təşkilatları, dövlət qurumları ilə könüllülük mövzusunda layihələrimiz olmuşdur.
Davamlı olaraq yaşlı insanların bilik və bacarıqlarından faydalanaraq, əlavə olaraq onlara müasir dövrün tələblərinə uyğun korporativ yenilikləri aşılayaraq onları qısa müddətli könüllülük proqramlarına cəlb edirik.
Artıq 7 ildir bu istiqamətdə təcrübəmiz mövcuddur. Bu ilin oktyabr ayında “Üçüncü Bahar Akademiyası” layihəsinin təqdimatını edəcəyik. Onu da qeyd edim ki, ilk bu elan ilk dəfə sizin platformada edilir... Akademiyanın fəaliyyəti haqqında tezliklə məlumatlar paylaşılacaqdır.
22/07/2024
|