Müsahibə - Vüsal Gözəlov - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Vüsal Gözəlov


“AccessBank”ın Cəlilabad filialının Rəhbəri

“Gecə saat 3-də gələn zənglə taleyim dəyişdi”

12 ildir “AccessBank”da işləyirsiz. Banka gəlişiniz təsadüf idi yoxsa zərurət?

2008-ci ilin dekabr ayı idi. Əvvəlki iş yerimdə gecə növbəsindəydim. Saat 3 radələrində dostum zəng etdi, qəzetdə “AccessBank”ın yeni açılacaq Salyan filialına işçi elanını görmüşdü. Düşündüm ki, əksər banklarda olduğu kimi burada da təcrübə tələb olunacaq. Növbəti gün dostum o elanı mənə göstərdikdə təcrübə tələb olunmadığını gördüm.

Özümü sınamaq qərarına gəldim. Elə həmin gün CV göndərdim. Tezliklə sınaq imtahanı və müsahibələrə çağırıldım. Beləliklə, yeni ilin yanvar ayında - cəmi 1 ay sonra “AccessBank”da işə başladım. Bir sözlə, gecə saat 3 də dostumun zəngi taleyimi dəyişdi. Məncə həyatda heç bir şey təsadufi deyildir. Zərurətdən axtarışa çıxdığım işin həm bank, həm də doğma rayonumda olması məncə qismətim idi.


Demək qismətə inanırsınız?

Bəli, qismətə inanam insanam. Həyata həmişə belə fikirlə yanaşıram “qismətimdə nə varsa, o da olacaq”. Çünki arzularına doğru inamla addımlayıb, əlindən gələni edəndə nəticə də mükəmməl alınır. Gözəl qismət inam, əzmkarlıq və xoş niyyət tələb edir.


Sizi “AccessBank”ın ən şən filial rəhbəri adlandırmaq olar. Bu qədər işin və məsuliyyətin öhdəsindən gəlib, əhval-ruhiyyənizi necə belə yüksək saxlaya bilirsiniz?

Əvvəla məni ən şən filial rəhbərlərindən biri kimi gördüyünüz üçün təşəkkür edirəm. Yüksək əhval ruhiyyənin ən başlıca meyarı özünü və hisslərini idarə edə bilməkdən başlayır. Hər xırda problem üçün ruhdan düşən deyiləm. Gedişatını dəyişməyəcək hadisələr üçün narahat olmaq mənasızdır. Unutmayaq ki bizi üzən bir şeydən bizə xeyir gəlməz.

Pozitiv olmağımın səbəbi hadisələrə nikbin yanaşmağımdır. Çünki məsuliyyət nə qədər ağır, iş nə qədər çox olsa da, ruhdan düşmür, daha da inamla, əzmlə işləyib, ətrafımdakı insanları da bu ruhda motivasiya etməyə çalışıram. Nəticədə nailiyyətlər məni daha da yüksək əhval ruhiyyəyə kökləyir.


Sizi “kreslo” adamı adlandırmaq olar? Ümumiyyətlə, “kreslo”ya münasibətiniz necədir?

Maraqlı sualdır. Ümumiyyətlə, karyera qurmaq istəyən hər bir kəs irəliyə doğru addımladıqca “kreslo”ya sahib olur. Təbii ki, hər kəsin buna münasibəti də fərqlidir. Mənim münasibətim yaxşıdır, amma bir şərtlə ki, o kreslo məni mənliyimdən, səmimiyyətimdən döndərməsin. Həmişə çalışmışam ki, məni vəzifəmə görə deyil, insanlığıma görə tanıyıb, hörmət etsinlər.

Bu söhbət mənə Cəlilabad filialına müdir təyin olunduğum ilk iş günlərimi xatırlatdı. Həm mən kollektivə, həm də kollektiv mənə adoptasiya olmalı idi. Bir az tərəddüd edirdik. Amma səmimi və dürüst ünsiyyət sayəsində hər bir əməkdaşın inam və etimadını qazanıb, qısa müddətdə böyük bir ailəyə çevrildik.

Bu gözəl ailənin birgə səyi sayəsində mikro və pərakəndə bankçılıq, həmçinin depozit cəlbində filialımız yeni rekordlara imza atdı. Mənim fikrimcə insan nə qədər böyük vəzifə sahibi olsa da, səmimiyyətini qorumalıdır. Bir sözlə, məni tanıyan hər kəs kreslonun məni dəyişmədiyinin şahididir.


Vüsal, Cəlilabad filialından öncə Bankın Salyan filialında mikromaliyyələşdirmənin rəhbəri olmusunuz. Bu iki komanda arasında hansı fərqlər var ?

Əvvəla onu deyə bilərəm ki hər iki komandada işləmək mənim üçün qürurvericidir. Hər iki komandanın prinsipiallığı, zəhmətkeşliyi və əzmi sayəsində birgə bir çox uğurlara nail olmuşuq. Həmişə düşünürdüm ki, doğulub böyüdüyüm rayonumda işləmək işimi asanlaşdırır.

Amma Cəlilabad filialında müdir kimi fəaliyyətimə başladıqdan sonra anladım ki, məkan o qədər də önəmli deyil. Əsas peşəni sevəsən, uğur da o zaman səninlə olacaq. Fikrimcə, peşələrini sevənlər işlərini həm daha həvəslə və keyfiyyətli görür, həm də daha çox uğur qazanırlar.

Hər bir rəhbərin öz strategiyası var. Mənim də əsas strategiyam iş yerindən, komandadan asılı olmayaraq, qoyduğum hədəflərə çatmaq, filialdaxili mədəni mühit formalaşdırmaq, həmçinin “mobbing” davranışlarının yaranmasına imkan verməməkdir. Məncə bu strategiya istənilən komandaya uğur gətirir. Fərqli komandalarda işləməyin əsas üstünlüyü isə daha çox dost, yoldaş və təcrübə qazanmaqdır. Həyatıma fərqli çalarlar qatdıqları üçün hər iki komandaya təşəkkür edirəm!


Karantin dönəmi geridə qalır. Koronavirusun öhdəsindən necə gəldiniz?

Pandemiya bank sistemində böyük dəyişiklərə səbəb oldu. Karantin rejimində işləmək, sağlamlığımızı qorumaq çox çətin proses idi. Məsafəli iş rejimində 50-50 işçi heyəti ilə qoyulan planların öhdəsindən bacardığımız qədər gəlməyə çalışdıq. Bu çətin dövrdə Bank və departament rəhbərlərinin dəstəyi bizə böyük motivasiya oldu. Bütün bu çətinliklərə baxmayaraq, komandam peşəkarlığını göstərdi və biz 2020-ci il ərzində tam 3 dəfə Bankın aylıq Pərakəndə bankçılıq və mikrokreditləşdirmə üzrə kuboklarını qazandıq.

Ümumiyyətlə, ötən il bizim üçün düşərli oldu – “AccessBank”ın bütün filialları arasında həm Pərakəndə bankçılıq, həm də Mikro üzrə illik kubok nəticələrində ilk üçlükdə olan iki filialdan biri olduq.


Filial rəhbəri asudə vaxtını necə keçirir?

Asudə vaxtımı daha çox ailəmlə keçirirəm, həftəsonlarında birilikdə səyahət edirik. Ümumiyyətlə, vaxtımı səmərəli keçirməyə üstünlük verirəm: şəxsi və fiziki inkişafım, dünya görüşümü genişləndirmək əsas hədəflərimdir. Amma ən böyük sevgim əlbəttə ki, şahmatdır!

Şahmat oynamaq sanki mənim ruhuma qidadır. Kiçik yaşlarımdan sevə-sevə oynadığım şahmatın dünyagörüşümə, inkişafıma verdiyi töhfələr əvəzolunmazdır. Şahmat yaddaşı gücləndirir, fikir cəmləməkdə və hədəfə köklənməkdə yardımçı olur, İQ səviyyəsini artırır. Oyun zamanı qarşılaşdığımız situasiyalardan çıxış yolu axtarır, müxtəlif gedişlər edirik və bu da öz növbəsində problem həlli (“problem solving”) xüsusiyyətimizi daha da inkişaf etdirir. Övladlarıma da şahmat sevgimi aşılaya bilmişəm.


Övladlarınızdan söz düşmüşkən, onların gələcəyini necə görürsünüz?

3 övladım var. Çox xoşbəxt atayam! İş günündən sonra nə qədər yorğun olsam belə, onlara vaxt ayırır, qayğıları ilə maraqlanıram. Böyük oğlum 15 yaşındadır, kompüter və informasiya texnologiyaları üzrə mütəxəssis olmaq fikrindədir. Kreativ ideyaları ilə seçilir. 14 yaşında olan qızımın arzusu həkim olmaqdır və bu adı qazanmaq üçün gecə-gündüz var gücü ilə çalışır. Kiçik oğlum 11 yaşındadır və yaman dəcəldir. Ən böyük arzusu tezliklə böyüyüb məşhur iş adamı olmaq və “Maserati” almaqdır. Həmçinin riyaziyyatı mükəmməl bilir. Gələn ilki riyaziyyat fənn olimpiyadasına hazırlaşır.

Valideyn olaraq, biz də övladlarımızı bütün seçimlərində dəstəkləyirik. Çünki öncə də qeyd etdiyim kimi peşəkar, uğurlu iş adamı olmaq birbaşa işini sevməklə əlaqəlidir. Övladlarıma seçdikləri yolda uğurlar, gələcək həyatlarında xoşbəxtlik diləyirəm.


08/02/2021


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment