Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan “SOCAR-Ukraine” şirkəti Ukraynanın Çerkask vilayətində “SOCAR” brendi adı ilə fəaliyyət göstərən daha 2 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
“APA-Economics”in məlumatına görə, yanacaqdoldurma məntəqəsinin biri Çerkask şəhərində, ikincisi isə Uman şəhərində açılıb. Burada alıcılara yüksək keyfiyyətli “Avro-4” və “Avro-5” standartlarına uyğun ekoloji təmiz yanacaq təklif olunacaq.
Neft məhsulları arasında A-92, A-95, Nano-95 və “Nano Diesel” markalı benzinlər avtomobil istifadəçilərinə təklif edilir. Bundan başqa, 24 saat fasiləsiz xidmət göstərəcək yanacaqdoldurma məntəqəsində pulsuz Wi-Fi olacaq.
Bununla da Ukraynanın Çerkask vilayətində SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 4-də çatdırılıb. Bütün Ukrayna ərazisində isə bu tip məntəqələrin sayı 35 olub.
Qeyd edək ki, “SOCAR-Ukraine” Ukraynada yanacaqdoldurma məntəqələrinin açılması sahəsində 2010-cu ildən fəaliyyət göstərir. “SOCAR” yanacaqdoldurma məntəqələri ölkənin 6 vilayətində - Kiyev, Lvov, Odessa, Nikolayev, Rovensk və Çerkaskda fəaliyyət göstərir.
www.apa.az