Azərbaycan Dövlət Neft Şirkəti Ukraynada «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayını 2 dəfə artıracaq. «APA-Economics»in məlumatına görə, bunu «SOCAR-Ukraine» şirkətinin rəhbəri Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, «SOCAR-Ukraine» şirkəti Ukraynada «SOCAR» brendi ilə yanacaqdoldurma məntəqələrinin inşasını və bu sahə üzrə ölkədə lider mövqeyini tutmağa qarşısına məqsəd qoyub: «SOCAR» artıq Ukraynanın yanacaq bazarına daxil ola bilib və bu səbəbdən də biz yanacaqdoldurma məntəqələrinin sayını 2 dəfə artırmaq niyyətindəyik».
E.Məmmədov bildirib ki, bu ilin sonuna qədər Ukraynada «SOCAR» brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 100-ə çatdırılacaq: «İlkin olaraq bunu hədəf seçmişik. İlin sonuna kimi «SOCAR» brendi altında Ukraynanın Kiyev, Lvov, Odessa, Nikolayev, Rovensk və Çerkask vilayətlərində də yeni yanacaqdoldurma məntəqələri açacağıq».
E.Məmmədov qeyd edib ki, sonrakı mərhələdə isə bu rəqəmin 120-yə çatdırılması planlaşdırılır: «Həmçinin, «SOCAR» brendi ilə Ukraynada yeni bazarlara çıxmağı və Jitomir, Xarkov və Dnepropetrovsk kimi vilayətlərdə də yanacaqdoldurma məntəqələrini açmağı düşünürük».
Qeyd edək ki, hazırda Ukrayna ərazisində 60 «SOCAR» YDM fəaliyyət göstərir.
www.apa.az