Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iyulun 1-nə 34,516 mlrd. ABŞ dolları həcmində olan investisiya portfelinin strukturunda 47,7%-i (16,460 mlrd. dollar) ABŞ dollarında olan maliyyə alətlərində yerləşdirilib.
Fonddan «APA-Economics»ə verilən məlumata görə, bundan əlavə investisiya portfelində 10,785 mlrd. avro (40,8%), 1,158 mlrd. funt sterlinq (5,1%), 21,865 mlrd. Rusiya rublu (1,9%), 863,2 mln. türk lirəsi (1,3%), 205,4 mln. Avstraliya dollarında (0,6%) olan alətlər yer alıb.
Bundan başqa, investisiya protfelinin tərkibində 888 mln. dollar dəyərində 22,4 ton (720 146 troya unsiyası) qızıl da var. İnvestisiya portfelindən əlavə Fondun aktivlərinin tərkibində milli valyutada (manat) saxlanılan 162,3 mln. dollar kütləsi də var.
Fondun investisiya portfelinin əsas hissəsi istiqrazların payına düşür. Belə ki, istiqrazların payına investisiya portfelinin 84,9%-i, depozitlərin payına 7,1%-i, səhmlərin payına 3,7%-i, qızılın payına 2,6%-i, daşınmaz əmlakın payına isə 1,8%-i düşür.
Ümumilikdə, Fondun aktivləri 2013-cü ilin əvvəlinə nisbətən 1,6% artaraq iyulun 1-nə 34 678,4 mln. dollara bərabər olub.
www.apa.az