Yunanıstanın Aktivlərin İnkişafı Dövlət Fondunun (HRADF) Direktorlar Şurası bu gün keçirilən iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) DESFA qaz şirkətini almaq üçün etdiyi yenilənmiş təklifini nəzərdən keçirərək bəyənib.
Bu barədə APA-Economics HRADF-ın saytına istinadən məlumat verir.
Şura ən qısa zaman ərzində razılığın əldə olunması ilə əlaqədar lazımi tədbirlərin görülməsini qərara alıb.
Xatırladaq ki, hal-hazırda “DESFA” səhmlərinin 35 faizi “Hellenic Petroleum” neft və qaz ayırma şirkətinə, 31 faizi isə - birbaşa Yunanıstan hökumətinə məxsusdur. Hökumət səhm payının satışından 188 milyon avro əldə edəcək.
“SOCAR”dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkəti və “PPF-Terna” müştərək yunan-çex sərmayə şirkəti də iddia edirdi. Lakin bir neçə gün əvvəl qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməkdən imtina edib.
Xatırladaq ki, “DESFA” “DEPA” dövlət qaz şirkətinin törəmə müəssisəsidir. “DEPA”nın özəlləşdirilməsi ilə bağlı bir neçə gün əvvəl keçirilmiş müsabiqə formal müraciət olmadığından uğursuz olmuşdur. Son vaxtadək Rusiyanın “Qazprom” konserni “DEPA” şirkətinin əsas iddiaçısı hesab olunurdu.
Qeyd edək ki, “DEPA” şirkəti qazı topdan alaraq, onu yunan istehlakçılarına paylaşdırır. “DESFA” “DEPA” şirkətinin törəmə müəssisəsidir və istisna olaraq qazın nəqli ilə məşğul olur.
Yunanıstan dövlət borcunu azaltmaq məqsədilə ölkədə həyata keçirilən irimiqyaslı özəlləşmə çərçivəsində şirkətlərin satışına qərar verib.
www.apa.az