4 dekabr 2024-cü il tarixində Bakı Fond Birjası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycan İnvestisiya Holdinqi və onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin korporativ idarəetməsi üzrə rəyinə həsr edilmiş tədbirdə iştirak edib.
Tədbir Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştelmayster, OECD-nin Dövlət Mülkiyyəti və Özəlləşdirmə üzrə İşçi Qrupunun sədri Çarlz Donald və OECD-nin Qlobal Əlaqələr Katibliyi üzrə Avrasiya Departamentinin rəhbəri Uilyam Tompson tərəfindən açıq elan olunmuşdur. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq maliyyə institutlarının və biznes sektorun nümayənədləri iştirak edib.
Tədbir zamanı “Korporativ Davamlılıq və Dövlət Müəssisələri”, OECD-nin tövsiyyələri və “Kapital Bazarları və Özəlləşdirmə” kimi mövzularda panel müzakirələri baş tutub. “Kapital Bazarları və Özəlləşdirmə” adlı paneldə spiker qismində çıxış edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanın kapital bazarları haqqında ətraflı məlumat verərək, yerli kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarından danışıb.
Tədbirin məqsədi Azərbaycanın beynəlxalq standartlara uyğun olaraq islahat səylərini inkişaf etdirmək üçün addımları müəyyən etmək idi.