Ukraynanın qərb regionunda “SOCAR” yanacaqdoldurma məntəqələrini idarə edən “Qərbi Yanacaq Qrupu” MMC tərəfindən Lvovda sayca səkkizinci məntəqə istismara verilib.
«APA-Economics»in məlumatına görə, şəhərin köhnə hissəsinin yaxınlığında yerləşməsi sürücülər arasında stansiyanın populyarlığını artırıb.
“SOCAR” şəbəkəsindəki YDM-lər arasında ilk dəfə olaraq burada unikal yanacaqpaylama kolonkası (YPK) quraşdırılıb. O, eyni vaxtda dörd avtomobilə (hər tərəfdən iki avtomobil) yanacaq doldurulmasına imkan verir. Brendləşdirilmiş «Nanodiesel» yanacağı, A 95, A 92 benzinləri bu kolonka vasitəsilə reallaşdırılır.
Qeyd edək ki, Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən bütün YDM-lər “beşulduzlu otel” prinsipi ilə tikilir. Yəni burada yüksək keyfiyyətli yanacaq və xidmətlərin təklif olunması ilə yanaşı, həm də müştərilərin istirahəti üçün əla şərait yaradılıb. Məntəqələrdə “Butamarket” firma mağazası fəaliyyət göstərir. Müştərilər həmçinin təkərlərin doldurulması, wi-fi, mobil telefonların yüklənməsi və s. xidmətlərdən pulsuz istifadə edə bilərlər.
Hazırda ARDNŞ Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində 34 YDM ilə təmsil olunur. 2013-cü ildə bu ölkədə fəaliyyət göstərən “SOCAR” YDM-lərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
www.apa.az