KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək
KOBİA və “Invest Bulgaria” Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu ticarət və investisiya imkanları üzrə qarşılıqlı məlumat mübadiləsi, KOB-lar arasında əlaqələrin daha da inkişaf etdirilməsi üzrə müxtəlif tədbirləri əhatə edir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bolqarıstan Respublikasının “Invest Bulgaria” Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Invest Bulgaria” Agentliyinin İcraçı direktoru Mila Nenova Tsoneva imzalayıblar.
Memorandumda ticarət və investisiya imkanları, biznesyönümlü tədbirlər barədə qarşılıqlı məlumat mübadiləsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif əməkdaşlıq formalarının yaradılmasının təşviqi və mövcud platformaların inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı üzrə layihə və proqramlar çərçivəsində əməkdaşlıq və bu sahədə imkanların araşdırılması kimi məsələlər nəzərdə tutulur.
İmzalanma mərasimində Bolqarıstanın innovasiya və inkişaf naziri Rosen Karadimov da iştirak edib. Tədbir çərçivəsində nazir Rosen Karadimov və KOBİA nümayəndələri arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi də aparılıb.