Bakı Fond Birjası COP29 konfransında iştirak edib
14 noyabr 2024-cü il tarixində Bakı Fond Birjası COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zonada “Birjalar və iqlim fəaliyyəti: xalis sıfır keçidin maliyyələşdirilməsi” mövzusunda baş tutmuş panel müzakirəsində iştirak edib.
BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsləri tərəfindən təşkil olunan panel BMT-nin Ticarət və İnkişaf strukturunun İnvestisiya və Müəssisə Bölməsinin rəhbəri Nan Li Collins, BMT-nin Ətraf Mühit proqramının Maliyyə Təşəbbüsü rəhbəri Eric Usher və İOSCO (Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı) İdarə Heyətinin sədri Jean-Paul Servais tərəfindən açıq elan olunmuşdur.
Paneldə spiker qismində çıxış edənlər Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, Bolqarıstan Fond Birjasının İdarə Heyətinin sədri Manyu Moravenov, İFC şirkətinin Avropa üzrə regional direktoru Ines Rocha, İFRS şirkətinin Strateji Məsələlər və Potensialın Gücləndirilməsi şöbəsinin müdiri Mardi Mcbrien, Clarity Aİ şirkətinin İdarə Heyətinin sədri Rebeca Minguela, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) direktor müavini, İqlim və Yaşıl Maliyyə Koordinatoru Mathilde Mesnard, CDP şirkətinin İdarə Heyətinin sədri Sherry Madera və Maliyyə Tənzimləmə orqanının Davamlı Maliyyə Regional Mərkəzinin icraçı direktoru Ahmed Rushdy innovativ maliyyə alətləri, iqlimin açıqlanması səyləri və kapital bazarlarında xalis sıfır öhdəliklərin həyata keçirilməsi, dayanıqlı maliyyə sahəsində ən son tendensiyalar və ən yaxşı təcrübələr haqqında müzakirələr aparıblar.
Panelin moderatoru BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsləri Baş koordinatoru Anthony Miller panel spikerləri ilə kapital bazarlarını xalis sıfır emissiyanın qlobal məqsədi ilə uyğunlaşdırmaq üçün ən son çağırışları və dünya fond birjalarının və tənzimləyicilərin iqlim mülahizələrini öz əməliyyatlarına necə daxil etdiyini və korporativ davranışa necə təsir etdiyini müzakirə edərək onların fikirlərini dinləyib.
Xatırladaq ki, Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs (UN SSE) Qrupuna 2020-ci ildə üzv olmuşdur. Bakı Fond Birjası UNSSE-yə qoşulmaqla beynəlxalq standartlara uyğun korporativ idarəetmə hesabatlılığının təşkili və yerli kapital bazarlarında tətbiqi, eləcə də listinq qaydalarının bu prinsiplərə uyğunlaşdırılması kimi mövzular üzrə Təşəbbüs Qrupu ilə əməkdaşlıq etməyi və xarici birjaların təcrübəsini öyrənməyi hədəfləyir.