20-27 oktyabr “Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi” çərçivəsində dünya miqyasında maarifləndirici tədbirlər keçirilir. Ənənəvi olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi qurğuşun zəhərlənmələri profilaktikası həftəsinə həsr edilmiş tədbirlərdə fəal iştirak edir.
Bununla bağlı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 25 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən həyata keçirilən genişmiqyaslı işlər, eləcə işçi qrupu tərəfindən hazırlanmış boyalarda qurğuşunun miqdarını tənzimləyən normativhüquqi sənəd barədə ətraflı məlumat verib.
Dr.İsmayıl Əfəndiyev 26 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, UNİCEF-in Azərbaycandakı nümayəndəliyi, 2 nömrəli Bakı Baza Tibb Kollecinin birgə keçirdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı” adlı maarifləndirici tədbirdə “Uşaqlarda qurğuşun və digər kimyəvi maddələrlə zəhərlənmələrin profilaktikası” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin sonunda Dr.İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən dərc olunmuş “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı metodik vəsaiti 2 nömrəli Bakı Baza Tibb Kollecinin kitabxanasına hədiyyə edib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.