Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov 15 oktyabr 2024-cü il tarixində saat 16.00-da“Səhiyyədə pasiyent təhlükəsizliyi” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. (https://www.facebook.com/customshospital/).
Dr. Nabil Seyidov tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir. Nabil həkim Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinaturanı, daha sonra isə aspiranturanı bitirib.
O, 2009-2012-ci illərdə ABŞ-da rezidentura təhsili alıb və cərrahiyyə üzrə beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib. ABŞ-dan qayıtdıqdan sonra Dr. Nabil Seyidov Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Nabil həkim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və 2018-ci ildən şöbə müdiri vəzifələrində çalışmışdır. O, 2018-2019-cu illər ərzində isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri müavini kimi işləmişdir. O, 20 iyun 2023-cü il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının rəis müavini vəzifəsində çalışır.