1-4 oktyabr 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın (BFB) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib.
Səfər çərçivəsində Dubay Maliyyə Bazarı (DFM), Dubay İqtisadi İnkişaf Korporasiyası (DED) və Abu-Dabi Fond Birjasının (ADX) rəhbər heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı ölklələrin kapital bazarlarının inkişaf tarixi və perspektivləri, fond bazarları arasında təcrübə mübadiləsi və yaxın gələcəkdə qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda müzakirələr aparılıb. BƏƏ-nin fond bazarlarına ticarət platformaları üzərindən inteqrasiya hər iki ölkədən olan investorlar üçün kapital bazarlarına çıxışa, bazar alətlərinin genişləndirilməsinə, o cümlədən likvidliyin artırılmasına xidmət edən təşəbbüslərdən biridir.
Habelə, “Bakı Fond Birjası”nın nümayəndə heyəti BƏƏ-nin kapital bazarlarının aparıcı investisiya şirkətlərindən olan “Emirates NBD Capital”, “BHM Capital Financial Services” və “Nomura Asset Management” şirkətlərlərinin rəhbər heyətinin nümayəndələri ilə islam investisiyaları, sukuk istiqrazlarının buraxılışı imkanlarının, market meyker fəaliyyətinin və kapital bazarlarında tədbiq edilən texnoloji nailiyyətlərin öyrənilməsi istiqamətində əməkdaşlıq əlaqələri qurulub.
Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək və eyni zamanda yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaqdır.