Azərbaycanda ilk dəfə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə yaşlıların iştirakı ilə dəniz sahilinin tullantılardan təmizlənməsi və çeşidlənməsi aksiyası keçirilib. “Əmanətimizə sahib çıxacağınıza ümidlə” şüarı altında keçirilən sosial aksiya BMT Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən təşkil olunub.
Bakı ətrafında yerləşən ictimai çimərliklərdən birinin ərazisində baş tutmuş aksiyaya 100-dək yaşlı kişi və qadın qatılıb. Tədbir iştirakçıları aksiya çərçivəsində ərazidən yığılan müxtəlif tullantıların təyinatı üzrə çeşidlənməsini də icra edib. Aksiyada yaşlılarla yanaşı, gənc eko-könüllülər də fəal iştirakları ilə yadda qalıblar.
Sözügedən fəaliyyətin həyata keçirilməsində məqsəd Xəzərin sahil ekosisteminin qorunmasına dəstək vermək və bu prosesdə bütün nəsillərin nümayəndələrinin yaxından iştirakına şərait yaratmaqdan ibarət olub.
Layihəyə cəlb olunan yaşlı nəslin nümayəndələri aksiyada iştiraklarından məmnun olduqlarını ifadə edib, uşaqlıq və gənclik xatirələrini özündə əks etdirən Xəzər dənizinin və onun ətraf mühitinin təmizliyini qorumaq və ona sahib çıxmaq üçün gənclərə çağırış ediblər.