“YAŞAT” Fondunun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə gerçəkləşən şəhid ailə üzvlərinin Ankara səfəri başa çatıb.
30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan layihə çərçivəsində Cebeci Hərbi Şəhidliyi və Hacı Bayram Vəli məscidi ziyarət olunub.
İştirakçılar Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət ediblər. Anıtqəbir məqbərəsi inşa olunana kimi Atatürkün nəşinin qorunduğu Ankara Etnoqrafiya Muzeyi də ziyarət olunub.
Ekskursiya çərçivəsində Batıkənd rayonu və Ankaranın Heydər Əliyev parkı ziyarət olunub.
Qonaqlar TÜİB-in Ankara ofisinə baş çəkib, ardınca rəsmi şam yeməyinə qatılıblar. Şəhid ailələri ilə görüşdə Ədalət və İnkişaf Partiyasının sədr müavini Mustafa Şen, əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, kənd təsərrüfatı və meşə nazirinin müavini Abubekir Gizligider, Türkiyə Respublikasının Ombudsmanı Şeref Malkoç da yer alıblar.
Layihə iştirakçıları səfər çərçivəsində “Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri Derneği” və Türkiye Muharip Gaziler Derneyi"nin sədri və nümayəndələri ilə də görüşüblər.
Layihə Azərbaycan - Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin media dəstəkçisi : ASAN TV, ASAN Radio