28 avqust 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayacaq rezidentlərlə görüş keçirilib. Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim tibb xidməti polkovnik-leytenantı, t.e.d., Dr. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru Minarə Qafarova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və həkim-rezidentlər iştirak ediblər.
İlk öncə Dr. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında rezidenturaya yeni qəbul olunmuş rezidentləri təbrik edib, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Öz çıxışında Dr. İsmayıl Əfəndiyev rezidentlər üçün beynəlxalq mübadilə proqramlarda iştirak etmək imkanları, tədris proqramının faydalı yerinə yetirilməsi, eləcə də rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək imkanları barədə danışıb. Belə ki, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu konfranslar onların gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rola malikdir.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkimi Bəxtiyar Musayev çıxış edərək Mərkəzi Gömrük Hospitalının Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu bildirib və burada həyata keçirilən unikal əməliyyatlar barədə, eləcə də xarici tərəfdaş olan Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Baş həkim Bəxtiyar Musayev bildirib ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxışında Həmkarlar İttifaqı təşkilatının faəliyyəti, həyata keçirilən tədbirlər, layihələr barədə, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru Minarə Qafarova sənədləşmə işləri ətraflı məlumat verib. Tədbirin sonunda həkim-rezidentlərin çoxsaylı sualları cavablandırılıb.