SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.
Türkiyə Akkreditasiya Mərkəzi (TÜRKAK) tərəfindən həyata keçirilən akkreditasiya auditindən sonra 20 avqust 2024-cü il tarixində qurumun rəhbəri Banu Müderrisoğlu tərəfindən müvafiq sertifikatlar “SOCAR Downstream Management” MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin Laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edilib.
Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır. Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı tanıyır və etibarlı məhsul keyfiyyətini təmin edir.
ISO/IEC 17025 akkreditasiyası beynəlxalq standartlara uyğunluğun və texniki səriştəliliyin ən etibarlı göstəricisi olmaqla yanaşı, tərəfsizlik və məxfilik aspektlərini də ehtiva edir.
Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiya Mərkəzindən (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.