Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı baş tutub.
Əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir.
Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti “iLab” startapı tərəfindən istehsal olunan “Charge Box” elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Bildirilib ki, elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən “Charge Box” mobil tətbiqi enerji doldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır.
Belə ki, yerli ödəniş sistemlərinə inteqrasiya olunan bu tətbiq vasitəsilə istifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanlarını əldə edirlər.
O qeyd edib ki, sözügedən stansiyalar artıq bir çox “ASAN xidmət” mərkəzində və yanacaqdoldurma stansiyasında quraşdırılıb.
Sonra “Gələcəyin İnnovasiyası: texnologiyaya istiqamət verən trendlər və strategiyalar” və “COP29 və innovasiya: dayanıqlı gələcək üçün innovativ həllər” mövzularında panel müzakirələr start götürüb.
Festival 10 innovasiya və texnologiya şirkəti, 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.
Tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.
Silsiləvi xarakter daşıyan festival bu il COP29-a həsr olunur və “Yaşıl texnologiya yaşıl dünya naminə” şüarı ilə keçirilir.
"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir. Həmçinin gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.