150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir
Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Milli Məclisinin deputatı Tahir Mirkişili, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında müvafiq olaraq ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektora göstərilən dəstək tədbirləri, yerli məhsulların ixrac imkanları, sərgilərin məhsul və xidmətlərin tanıdılmasında və biznes subyektlərinin bazarlara çıxışında önəmi barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri, o cümlədən bir sıra yeni brendlər nümayiş olunur. İyunun 26-dək davam edəcək sərgi həmçinin iş adamları, sahibkarlar və təchizatçı şirkətlər arasında yeni əməkdaşlıqların qurulmasına imkan verəcək.
Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, “Kapital Bank” ASC və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.
KOBİA bu dəfə də sərgidə KOB subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək məqsədilə ayrıca stendlə təmsil olunur. Stenddə kənd təsərrüfatı, İKT, təhsil, xidmət, tekstil, suvenir, keramika istehsalı, sənaye və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb.