Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan "Bilim Bakı" mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb.
“Deneyap” proqamı gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks, fərqli bir təhsil modelidir və ödənişsiz həyata keçirilir.
Laboratoriyada keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir, ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir.
24 ay tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. 12 ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.
Proqrama Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 2023-2024-cü tədris ilinin 4,5,6 və 7-ci sinfini bitirən şagirdlər qoşula bilərlər. Seçim imtahanının hər iki mərhələsində ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər.
Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 22 iyun 2024-cü il tarixinədək deneyap.az saytına keçid etməklə “Deneyap” texnologiya laboratoriyasına şeçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər.
“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci - yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.