Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ASAN könüllülərinin təqdimatında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ingilis dilində səhnələşdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ASAN könüllüləri iştirak ediblər.
15 İyun-Milli Qurtuluş Gününə həsr olunan tamaşa “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
18 ASAN könüllüsünün hazırladığı səhnə işinin məqsədi sözügedən əsərin motivləri əsasında Qarabağımızın tarixinin, zəngin mədəniyyətinin, ənənələrinin təbliğidir.
600-dən çox tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.
Ümumilikdə “Mədəniyyət Carçısı” proqramı çərçivəsində bu günədək 100-dən çox tamaşa və rəsm sərgisi, 500-dən çox ustad dərsi reallaşdırılıb.