Baki, Finance Time. SOCAR-ın Belçika nümayəndəliyi Brügge şəhərində yerləşən məşhur Avropa Kollecində təhsil alan azərbaycanlı tələbələr ilə sponsorluq müqaviləsi imzalamışdır.
Avropa Kollecində hər il keçirilən və ənənə halını alan “National Week” –“Milli Həftə” tədbiri ölkəmizin daha da tanınmasına bir fürsət yaratmaqdadır. Zəngin adət-ənənə və dəyərlərimizin, eləcə də ölkəmiz haqqında faydalı məlumatların, habelə Azərbaycan həqiqətlərinin belə bir mühitdə təbliği olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, Avropa İnteqrasiyası üzrə ən qabaqcıl tədris müəssisəsi olan Avropa Kollecində 100-dən çox milli mənsubiyyəti təmsil edən gələcək diplomatlar, dövlət xadimləri, Avropa təsisatları əməkdaşları təhsil almaqdadırlar.
Avropa Kolleci Akademik Şurasının qərarına əsasən, bu il “Milli Həftə” tədbiri 11-16 Mart aralığında keçirilir. Ölkəmiz də qeyd olunan tarixdə milli adət-ənənəsini, mətbəxini, inkişafını və gələcək perspektivlərini geniş kütləyə təqdim etmişdir. “Milli Həftə” nin bağlanma mərasimi, Belçikada yaşayan Azərbaycanlı gənclər və təhsil alan tələbələr tərəfindən təşkil olunan “Novruz Kuboku” adlanan futbol turniri ilə yekunlaşacaqdır.
Tədbirin yüksək səviyyədə keçirilməsi üçün SOCAR-ın Belçika Nümayəndəliyi sponsorluq etmək öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda ölkəmizin layiqli təmsili məqsədi ilə tələbələrimiz ölkə tarixi və mədəniyyəti haqqında kitablar, jurnallar, posterlər, rəsmlər və digər informativ xarakterli materiallarla təmin edilmişlər.
Qeyd etmək lazımdır ki, SOCAR ölkə rəhbəri cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” devizinə sadiq qalaraq hər il yüzlərlə Azərbaycanlı gəncin təhsil almasına dəstək göstərərək ölkəmizin davamlı inkişafına öz töhvəsini verməkdədir.