Bu gün Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri − 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin rəsmi açılış mərasimi keçirildi.
Açılış mərasimində Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri İqor Petrişenko, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Alişer Şükürov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi icraçı direktoru Yusif Abdullayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri Muhammad Nasar Hayat, ICA Group şirkətinin baş icaçı direktoru Edvard Stroon və “Caspian Event Organisers” (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak etdilər.
Çıxışlar bitdikdən sonra sərginin iştirakçıları və qonaqları VIP turda iştirak etdilər.
2024-cü ilin may ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.
“Caspian Agro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.
“Caspian Agro” sərgisinin sponsorları “traktor.az” “Rostselmash” və “STP” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.
Sərgilər ümumilikdə 38 ölkədən 486 şirkəti bir araya gətirəcək. Ötən illə müqayisədə sərgilərin miqyasında 10% artım müşahidə olunur.
Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, Ispaniya, Finlandiya , Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətləri iştirak edirlər. Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə təqdim olunacaqdır.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. "Caspian Event Organiser" şirkətinin rəsmi tərəfdaşları “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləridir. Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.