10 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Macarıstan Banklar Assosiasiyasının (MBA) yaranmasının 35-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edib.
İcraçı direktor çıxışında bank sektoru da daxil olmaqla, ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini qeyd edib.
O, 20 aprel 2023-cü il tarixində ABA ilə MBA arasında əməkdaşlığa dair Memorandumun imzalanmasını xatırladıb və əlavə edib ki, Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkili, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlər həyata keçirilməkdədir.
“Macarıstanın Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasında müşahidəçi qismində iştirakı Macarıstan və Türkdilli dövlətlər arasında sıx münasibətlərin olduğunu bir daha sübut edir”, – deyə o, çıxışında əlavə edib.
Qeyd edək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.