Hər il aprelin 16-sı Beynəlxalq Səs Günü kimi qeyd olunur. 1990-cı illərin sonlarında yaranan Ümumdünya Səs Gününün məqsədlərindən biri də insanlara səslərinə diqqət yetirməyi və səsin qismən və ya tam itirilməsi hallarında dərhal mütəxəssislərə müraciət etməyi xatırlatmaqdır.
Bu gün Mərkəzi Gömrük Hospitalında insanın səsinin sağlamlığının qorunması, insan səsi fenomeni və onun insanların həyatındakı rolu ilə bağlı maarifləndirici aksiya keçirilib. Maarifləndirmə aksiyasında Mərkəzi Gömrük Hospitalının lor həkimi, t.ü.f.d. Elvin Əzizov, terapevtlər – Dr.Nazilə Xəlilbəyova, Dr.Xumar Novruzova və nevroloq Dr.Mənsumə Talıbova iştirak ediblər. Həkimlərimiz bu gün müayinəyə gələn pasiyentlərə səsin qorunması ilə bağlı qısa məlumatlar veriblər.
Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d. Dr.Elvin Əzizov bildirib ki, səsi qorumaq və səs aparatı xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək - yayda buz kimi soyuq içkilər içməmək, soyuq mövsümdə isə çox üşüməmək, qış mövsümündə qazlı içkilər içməmək, çox ədviyyatlı yeməklər yeməmək lazımdır. Səs problemlərinin yaranmasının əsas səbəblərinə siqaret, soyuqdəymə və stresli vəziyyətlər də aiddir.
Qeyd edək ki, Beynəlxalq Səs Gününün qeyd edilməsində məqsəd tibb mütəxəssislərinin, eləcə də Yer kürəsinin bütün insanlarının diqqətini insan səsi fenomeninə, ünsiyyət qurmağa, öz emosiya və hisslərini ifadə etməyə cəlb etməkdir. Səs sağlam və təsirli ünsiyyətin vacib aspektidir, onun köməyi ilə biz bir-birimizə məlumat çatdırırıq və emosiyaları ifadə edirik. Bəzən səsimizin qayğısına qalmaq lazım olduğunu düşünmürük.
Hər zaman səsinizi qoruyun!