Mərkəzi Gömrük Hospitalında 2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş aksiya keçirilib. Bütün planetdə keçirilən Beynəlxalq Uşaq Kitabı Gününün Mərkəzi Gömrük Hospitalında da qeyd edilməsi artıq ənənəvi hala çevrilib. Bu gün Hospitala müayinəyə gələn balaca pasiyentlərə müxtəlib uşaq kitabları hədiyyə edilib. Balaca pasiyentlər böyük sevinclə hədiyyələri qəbul ediblər.
Təcrübə göstərir ki, valideynin uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Hər bir uşaq erkən yaşlarından etibarən kitabla tanış olmalı, onu sevməlidir. Bu kitabları oxuyan uşaqlar nə vaxtsa bu mütaliə sayəsində həkim, müəllim, inşaatçı, riyaziyyatçı, rəssam, neftçi, alim, ən əsası isə Vətənimizə layiqli vətəndaşlar olacaq.
Qeyd edək ki, Uşaq Kitabı Gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılbaz Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi