29 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun ödəniş kartları bazarında qarşılıqlı münasibətlərin tənzimlənməsi və rəqabət mühitinin daha da möhkəmləndirilməsinə həsr edilmiş növbəti görüşü keçirilmişdir.
Ekspert Qrupu tərəfindən ödəniş kartları bazarında bərabər rəqabət mühitinin təmin olunması, interçeync xidmət haqları üzrə effektiv tarif siyasətinin tətbiqi, habelə “cashback” layihələrinin daha səmərəli formada həyata keçirilməsi baxımından mühüm rol oynayan təsərrüfat subyektlərinin kateqoriya kodlarının (Merchant Category Code – MCC) dəqiqləşdirilməsi və mövcud kodların daha dəqiq formada təyin edilməsi üzrə fəaliyyətə başlanılmışdır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.