Azərbaycan Respublikasının Mərkəzi Bankının, Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə 15 mart 2024-cü il tarixində Quba şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunmuşdur.
Quba şəhərində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılmışdır. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının, ABB-İnvest investisiya şirkətinin, Unicaptal investisiya şirkətinin və Azfinance investisiya şirkətinin təqdimatları olmuşdur.
Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilmişdir.
Qeyd edək ki, bu, sayca on birinci belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir və Naxçıvan şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.