2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Bu, 2022-ci ilin nəticələri ilə müqayisədə 1,2% çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,7 milyon ton2 neft, 8,4 milyard kubmetr3 qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən stabil qalıb, qaz hasilatında isə 4% artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,3% artaraq, 48,3 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 30,1 milyon tondan5 çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 17,8 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 6,9% artaraq 23,9 milyard kubmetr7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 13,4 milyard kubmetr8 təşkil edib.
2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton9 neft, 3,5 milyard kubmetr10 qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
1. 73.987 metr
2. 7.736.202 ton
3. 8.390.738.000 kubmetr
4. 48.301.318.000 kubmetr
5. 30.148.157 ton
6. 17.768.808 ton
7. 23.856.355.587 kubmetr
8. 13.439.700.969 kubmetr
9. 6.290.230 ton
10. 3.506.843.456 kubmetr
11. 2.246.411 ton