Yanvarın 23-25-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində Məkkə Halal Forumu keçirilir. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə qida, parfümeriya, xidmət sektorlarının təmsil edən sahibkarlar iştirak edirlər. Forum çərçivəsində keçirilən Məkkə Halal Sərgisində Azərbaycan Sahibkarlar Konfederasiyasının və Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sərgi stendləri də fəaliyyət göstərir. Stendlər sərgiyə gələn ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Səudiyyə Ərəbistanının Məkkə Beynəlxalq Konfrans Mərkəzində Səudiyyə Ticarət Naziri Əlahəzrət Dr. Məcid bin Abdulla al-Qəsəbinin rəhbərliyi ilə keçirilən Forumun ilk panelində Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova çıxış edib. O, Azərbaycanda halal standartların tətbiqi perspektivləri, bu sahədə görülən işlər, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı ilə qurulan əlaqələrdən danışıb. N.Məmmədova ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqeyinə toxunaraq, böyük müsəlman dövlətləri ilə həmsərhəd olduğunu vurğulayıb. Xüsusən də Orta Asiyada yaşayan 70 milyon müsəlmanla eyni kökə malik olduğunu, həmçinin Rusiya ərazisində yaşayan 30 milyona yaxın müsəlman xalqlarının daha çox cəmləşdiyi Cənubi Qafqazda yerləşdiyini nəzərə alsaq, Azərbaycana bu coğrafiyada “Halal təyinat nöqtəsi” kimi baxmağı təklif edib.
Qeyd edək ki, Məkkə Halal Forumu dünyanın hər bir yerindən halal bazarda böyük təsirə malik iştirakçıları bir araya gətirən yeganə və mötəbər tədbirdir. Forum sərgi, mükafatlandırma, 40 sessiya və seminarlar, B2B görüşləri, şəbəkələndirmə üçün imkanların yaradılması, bilik paylaşması və biznesin artımına həsr edilən bölmələrdən ibarətdir.