Texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib və uşaqlarımız kiçik yaşlarından rəqəmsal aləmlə tanış olmağa başlayırlar. Bu, bir tərəfdən onlara təlim və inkişaf üçün geniş imkanlar açır. Digər tərəfdən isə cihaz ekranlarından həddindən artıq asılılıq uşaqların fiziki, emosional və sosial inkişafına mənfi təsir göstərə bilər.
Texnologiyalardan istifadə və real dünya ilə qarşılıqlı əlaqənin vacibliyi arasında balansı necə tapmaq olar? “Kaspersky” ilə birlikdə uşaqların həmahəng inkişafına töhfə verən bu balansa nail olmağın yollarını nəzərdən keçirəcəyik.
“Kaspersky” tövsiyə edir:
• İbtidai məktəb yaşlarında olan övladınızın ekran vaxtına nəzarət edin. Tədricən bu nəzarəti yumşaldın.
• Yaşları artdıqca onları məlumatlandırın. Uşağınız gündəlik işləri üçün cihazlardan sərbəst istifadə etməyə başlayanda ona internetdə hansı təhlükələrin olduğunu izah edin: viruslar, fidyə proqramları və fırıldaqçılar tərəfindən tətbiq edilən pullu xidmətlər.
• Ailə üzvlərinizin istifadə edə biləcəyi “internet və qadcetlərdən istifadə qaydaları siyahısı”nı tərtib edin. Məxfilik məsələlərinə, yaşa uyğun olmayan saytlara ziyarətə, proqram və oyunlar yükləməyə, kiber zorakılığa, ekran vaxtına və yad insanlarla ünsiyyətə diqqət yetirin.
• Övladınızla öncədən müzakirə edərək onun smartfonunda onlayn təhlükəsizliyini təmin edəcək həll quraşdırın. Bu həll çarpaz platforma olmalı, geolokasiya və vaxt məhdudiyyətlərini izləmək imkanı ilə geniş funksionallığa malik olmalıdır.
• Övladınıza qarşılaşdığı hadisə və məlumatlara şübhə ilə yanaşmağı və hər şeyi normal qəbul etməməyi öyrədin. İnternetdə olan hər hansı məlumata şübhə ilə yanaşmağı və hər hansı tədbir görməzdən əvvəl onu müxtəlif mənbələrdən yoxlamağın vacibliyini onlara izah edin.
• Övladınıza həyatını qadcet tələb etməyən məşğuliyyətlərlə zənginləşdirməsinə kömək edin.
Qadcetlərdən istifadə məsələsində konpromis, cəlbedici fəaliyyətlər, ekranlardan uzaq vaxt keçirmək və kibergigiyena haqqında maarifləndirmə övladlarınızda texnologiyalara qarşı sağlam münasibət yaratmağa kömək edəcək. Özünüzdən başlayın - unutmayın ki, siz onlar üçün nümunəsiniz. Həddindən artıq qorumağa və nəzarət etməyə çalışmayın - övladınızın sizə hər hansı bir sualla müraciət edə biləcəyi və sakit, düşünülmüş cavab ala biləcəyi etibarlı ünsiyyət qurmağa çalışın. Birlikdə vaxt keçirin və uşaqlarınıza real dünyanın da ən az virtual dünya qədər maraqlı olduğunu göstərin.