Mərkəzi Bank nağd pulla bağlı biznes proseslərin optimallaşdırılması, eləcə də banklarda müasir texnoloji sistem və avadanlıqların tətbiqi ilə nağd pulun idarə edilməsində effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin banklara ötürülməsini həyata keçirir.
Bu çərçivədə ilk dəfə olaraq öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirərək birbaşa və ya digər kommersiya bankları vasitəsilə təkrar tədavülə buraxılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verən banklardan operator bankların seçilməsi prosesinə başlanılmışdır.
Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə, o cümlədən müvafiq emal infrastrukturuna, adekvat avadanlıq parkına, ixtisaslaşmış kadr potensialına, xüsusi təhlükəsizlik standartlarına və s. cavab verən və bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən “Kapital Bank” ASC nağd pulla bağlı xidmətlərin göstərilməsi sahəsində operator bank müəyyən edilmişdir.
Gələcəkdə Mərkəzi Bank tərəfindən yeni operator banklar müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcəkdir.