Ötən ilin yekunlarına əsasən, Çin dünya ticarətin liderinə çevrilib.
«APA-Economics»in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi ABŞ Ticarət Nazirliyi və Çin Gömrük İdarəsinə istinadən məlumat yayıb.
Məlumata əsasən, 2012-ci ildə Çin xarici ticarətin həcminə görə ABŞ-ı İkinci Dünya müharibəsindən indiyədək davam edən lider mövqeyindən sıxışdırıb. Hesablamalara görə, ötən il ABŞ-ın ixracı 3,82 trln. dollar, Çinin ixracının həcmi isə 3,87 trln. dollar təşkil edib. Baxmayaraq ki, ekspertlərin əksəriyyəti bu sahədə Çinin ABŞ-ı yalnız 2016-cı ildə üstələyəcəyini bildirirdilər.
«Bloomberg» qeyd edir ki, Çinin ticarətin həcminə görə dünya liderinə çevrilməsi dünya iqtisadiyyatında mühüm hadisədir və bu amil dünya ticarət sistemində də dəyişikliklərə səbəb olacaq. Məsələn, Çin Almaniyanın mühüm ticarət tərəfdaşına çevrilir və «Goldman Sachs»ın proqnozlarına görə, artıq 7 ildən sonra Almaniyanın Çinə ixracı Fransaya ixracı 2 dəfə üstələyəcək.
«Bloomberg» xatırladır ki, Çin dünya iqtisadiyyatında ilk dəfə deyil ki, liderlik edir - XVIII əsrdə Tsin sülaləsinin çiçəklənmə dövründə də Çin dünyanın ən güclü iqtisadiyyatı idi.
Hazırda Çin dünyanın ən böyük enerji daşıyıcıları istehlakçısı, ən böyük avtomobil bazarı və ən böyük qızıl valyuta-ehtiyatlarına malik olan ölkəsidir. Ekspertlərin proqnozlarına əsasən, Çin 2017-ci ildə iqtisadiyyatın həcminə görə ABŞ-ı keçəcək. 2012-də Çinin ÜDM-i 7,7 trln. dollar təşkil edib ki, 4 ildən sonra bu rəqəm 20 trln. dollara çata bilər. «PWC» analitiklərinin proqnozlarına görə, buna yalnız qlobal fəlakət, ya da Üçüncü Dünya müharibəsi mane ola bilər – Çinin inkişafını ləngidə biləcək digər amil mövcud deyil.
Bununla yanaşı, bəzi ekspertlərin fikrincə, Çin iqtisadiyyatın həcminə görə ABŞ-ı yalnız 2020-2025-ci illərdə keçəcək.
www.apa.az