Yol xəritəsində Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsini hazırlayıb. Sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.
ASA-nın məlumatında qeyd olunur ki, bu ilin oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında zoom-görüş keçiriləcək və hazırlanmış Yol Xəritəsi müzakirəyə çıxarılacaq. Müvafiq toplantıda həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək.
Qeyd edək ki, “Türk Dünyası Sığorta Birliyi” bu ilin may ayının 24-ü Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlnalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.