Azərbaycan sığorta bazarında fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-avqust ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini və ödəniş alan müştərilərin sayını açıqlayıb.
Mətbuat katibliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 15 287 197 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə şirkət sığorta ödənişi alan müştərilərin sayını da açıqlayıb. Təkcə cari ilin avqust ayı əzində “Azərsığorta” şirkəti tərəfindən 1542 müştəriyə sığorta ödənişi verilib. Ümumilikdə isə, yanvar ayından avqust ayının sonunadək müxtəlif sığorta hadisələri üzrə ödəniş alan müştərilərin sayı 15087-yə çatıb.
Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
“Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.