“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan arasında görüş keçirilib.
ASA-dan verilən məlumata görə, görüşdə Sığortaçılar Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev AİB rəhbərliyinə Birlik haqqında məlumat verərək, yerli sığorta bazarının mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışıb. Sektorun yeni inkişaf mərhələsində olduğunu vurğulayan icraçı direktor mövcud bazar şərtləri çərçivəsində həllini gözləyən bir qism məsələlərin hələ də qaldığını qeyd edib.
Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan isə öz çıxışında Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti və sığorta bazarındakı proseslərlə yaxından maraqlandıqlarını qeyd edib.
Xanım K.Makdeyqan iki qurum arasında sığorta sektoru ilə bağlı məlumat mübadiləsinin təmin olunmasını, nəticədə isə yerli sığorta bazarındakı real problemlərin aşkarlanması və onların həlli yollarının müəyyən olunmasında Asiya İnkişaf Bankı olaraq sektorun inkişafı üçün texniki dəstək göstərə biləcəkləri ilə bağlı imkanların araşdırılacağını vurğulayıb.