Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş hesabat hazırlanıb.
“Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda sağlamlıq turizminin regional və qlobal səviyyədə rəqabətqabiliyyətliliyi müqayisəli təhlil əsasında araşdırılaraq təqdim olunub.
Araşdırma sənədində ölkəmizdə əsas sağlamlıq turizmi destinasiyaları olan Abşeron, Şabran, Naftalan, Qəbələ, Lənkəran, Şəki, Dağlıq Qarabağ və Naxçıvanda olan resusrlar, sağlamlıq müəsissələri və bu sağlamlıq müəsissələrində turistlərə təqdim olunan xidmətlər öz əksini tapıb. Eyni zamanda sağlamlıq müəsissələrindən kənarda yerləşən təbii mineral ehtiyatlar və onların yerləşdiyi rayonlar barədə məlumat verilərək hər biri üzrə inkişaf potensialı qiymətləndirilib.
Sağlamlıq turizminin mahiyyəti, Ümudünya Səhiyyə Təşkilatının statistik məlumatları əsasında sağlamlıq turizmini səhiyyədəki yeri, ölkəmiz üçün spesifik olan sağlamlıq resurslarının xüsusiyyətləri və faydaları haqqında məlumatların qeyd olunduğu hesabatda tibbi turizm və termal sağlamlıq turizmi barəsində geniş məlumat verilib.
Sənəddə, həmçinin müasir dövrümüzdə sağlamlıq turizminin qlobal iqtisadiyyatda yeri, eləcə də ötən illərdə sağlamlıq turizmi ilə əlaqəli beynəlxalq səyahətlərdən əldə edilən və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edilən gəlirlər barədə Türkiyə, Fransa, Cənubi Koreya, Kosta Rika, Meksika, Hindistan, Kanada, Albaniya, Filippin kimi müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Burada sağlamlıq turizmi üzrə turistlərin ümumi (müalicə və ya əməliyyat, xəstəxana və həkim, nəqliyyat, müvəqqəti yerləşdirmə, qidalanma, viza, sığorta, qeydiyyat) və kliniki müalicə xərcləri (ürək, angioplastika, protez, implant, estetik və s.) haqqında statistik məlumatlar göstərilib. Bundan əlavə, ölkədə mineral sulardan istifadə olunmasının hüquqi qaydaları, mövcud qanunvericilik aktları və dövlət qurumlarının bu sahə üzrə fəaliyyətləri nəzərdən keçirilib.
Sağlamlıq turizmindən istifadə edən turistləri cəlb edən amillərin analizi, müalicə və istirahət məqsədli səyahətlər zamanı onların gözləntiləri və digər amillər təhlil olunub.
Sağlamlıq turizmi müəssisələrində ən əsas faktorlardan hesab edilən marketinq fəaliyyətinin təşkili, brendin yaradılması, sağlamlıq turizmi üzrə destinasiyanın tanıdılması, qiymətləndirmə meyarları və bu meyarların xüsusiyyətləri və tətbiqi barədə məlumatlar yerləşdirilib. Brendləşmə və marketinq fəaliyyətləri araşdırılan zaman ötən illərdə dünya üzrə ən yaxşı 10 xəstəxana və bu xəstəxanaların uğur göstəriciləri təqdim edilib.
Araşdırma sənədində sağlamlıq turizminin ölkəmizdə inkişafı məqsədilə müəyyən təkliflər hazırlanıb, o cümlədən sağlamlıq turizmi müəssisələrinin xidmətlərinin çeşidinin artırılması, rəqib bazarlar üzərində üstünlüklərin qiymətləndirilməsi üzrə təkliflər qeyd olunub.
Hesabatda Azərbaycanda kurort və sanotoriya müəsissələrinə müasir yollayış sisteminin təşkili, bu sistem üzrə qeyd olunan müəssisələrin idarəedilməsi, istifadə olunan mineral və müalicəvi suların analizi, onların müalicəvi xüsusiyyətləri, eləcə də həkim və tibb personalına qoyulan tələblər və mövcud qanunvericilik aktları geniş tədqiq olunub.
Hesabatla tanış olmaq və yükləmək üçün BURAYA klik edin.