9-11 noyabrda Azərbaycan Turizm Bürosu Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində (“WTM London-2020”) iştirak edib.
COVID-19 pandemiyası səbəbindən virtual formatda baş tutan sərgidə ATB əməkdaşlarının iştirakı ilə görüşlər keçirilib.
Azərbaycana tur təşkil etmək üzrə ixtisaslaşmış və gələcəkdə belə bir potensialı olan turoperatorlar, turizm agentlikləri, qlobal turizm şirkətləri, turizm mediası və bələdçilərlə keçirilmiş görüşlərdə pandemiyadan sonrakı dövrdə Azərbaycana olan səyahətlərin artırılması və yeni turların başlanılması üzrə müzakirələr aparılıb.
Virtual görüşlər çərçivəsində Dağlıq Qarabağ və ətraf rayonların turizm potensialı, təhlükəsizliyin təminindən və infrastrukturun yaradılmasından sonra regionun yeni turizm destinasiyası kimi təqdimatı barədə iştirakçılara məlumat verilib. Görüş iştirakçıları sevinclərini nümayiş etdirərək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə artıq turizm imkanlarını tam göstərə biləcəyindən şad olduqlarını ifadə ediblər.
Görüşlər zamanı Azərbaycanda olan turizm trendləri və hazırda inkişaf edən layihələr barədə də məlumatlar təqdim edilib.
3 gün ərzində davam edən sərgidə Şimali Amerika, Avropa, Asiya və Körfəz ölkələrindən olan şirkət nümayəndələri ilə ümumilikdə 110 görüş keçirilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən Dünya Səyahət Bazarı sərgisində iştirak edir.