|
|
|
Neft və qaz | | | Brüsseldə ARDNŞ ofisinin açılışı münasibəti ilə tədbirlər keçirilmişdir |
14.11.2012 | |
| |
Finance Time “ARDNŞ ”-ın rəsmi veb saytına istinadən xəbər verir ki, noyabrın 13-də Brüsseldə ARDNŞ-nin Belçika Krallığındakı nümayəndəliyinin açılışı olmuşdur. Bu münasibətlə keçirilmiş mərasimlər çərçivəsində ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin Brüsselə səfər etmiş digər təmsilçiləri nümayəndəliyin ofisinə baş çəkmiş, əməkdaşları təbrik etmiş, onlara uğurlar arzulamışlar.Sonra “Konrad” otelində “Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlıq- “Cənub qaz dəhlizi” və digər istiqamətlər” mövzusunda sessiya keçirilmişdir. Tədbirdə Avropa Komissiyasının vitse-prezidenti Siim Kallas, Aİ komissarları, Avropa Parlamenti, Belçika Parlamenti və Azərbaycan Milli Məclisinin üzvləri, Belçika Krallığı hökumətinin təmsilçiləri, diplomatlar, ekspert və şərhçilər, neft və qaz şirkətlərinin, maliyyə-bank sektorunun, KİV və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Sessiyanın moderatoru- Vaşinqtondakı Ceymstaun Fondunun baş mütəxəssisi, beynəlxalq strateji münasibətlər üzrə tanınmış ekspert Vladimir Sokor Azərbaycanın Avropanın şərqində Qərbin strateji tərəfdaşı olduğunu vurğulayaraq, Qərb təmayüllü inkişafı respublikamız üçün ümummilli məsələ kimi xarakterizə etmiş, ölkəmizin beynəlxalq humanitar əməliyyatlarda aktiv fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycanı “postsovet məkanlnda və bütövlükdə regionda dini və etnik zəmində tolerantlıq simvolu” adlandıran V.Sokor ölkəmizin “uğurla müasirləşən bir müsəlman dövləti” olaraq millətlər, mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynadığını nəzərə çatdırmışdır. O, “Cənub qaz dəhlizi” layihəsinin Aİ ölkələrinin enerji təhlükəsizliyi üçün əhəmiyyətindən söz açaraq dəhlizin reallaşdırılması istiqamətində Azərbaycanın göstərdiyi səyləri təqdir etmiş və TransAnadolu qaz boru kəməri (TANAP) layihəsinin bu baxımdan irəliyə doğru atılan addım olduğunu vurğulamışdır.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbir iştirakçılarını salamlamış, əsası xalqımızın milli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilən yeni neft strategiyası çərçivəsində neft-qaz sənayesində qazanılmış nailiyyətlərdən ətraflı söz açmış, şirkətin beynəlxalq enerji bazarına inamla daxil olmasından və Avropa ölkələrində fəaliyyət coğrafiyasını genişləndirmək imkanlarından bəhs etmişdir. Avropanın enerji təchizatında Azərbaycanın neft ixracatçısı kimi mühüm rolunu diqqətə çatdıran ARDNŞ prezidenti respublikamızın qısa müddətdə qaz ixracatçısı kimi böyük nüfuz qazandığını söyləmiş, “Cənub qaz dəhlizi” layihəsinin perspektivlərindən danışmış, bu dəhlizin əsasını təşkil edəcək TANAP qaz boru xəttinin tikintisinə hazırlıq məsələləri haqda məlumat vermişdir. O, əmin olduğunu bildirmişdir ki, ARDNŞ-nin Brüssel nümayəndliyinin fəaliyyətə başlaması ilə Azərbaycan və Aİ ölkələri arasında enerji əməkdaşlığı daha intensiv inkişaf mərhələsinə keçəcəkdir.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, respublikamızın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Aİ yanında nümayəndəliyin başçısı Fuad İskəndərov Azərbaycanla Aİ arasında tərəfdaşlığın yalnız enerji məsələləri ilə məhdudlaşmadığını, bunun daha geniş mahiyyət kəsb etdiyini, mədəni və siyasi əhəmiyyət daşıdığını konkret faktlarla əsaslandırmışlar. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələskərov qısa müddətdə ölkəmizdə etibarlı və şaxələndirilmiş ixrac-nəql kəmərləri sistemi yaratdığını və Azərbaycanın Xəzər hövzəsində hasil edilən enerji resurslarının Avropaya çatdırılması yolunu açan ilk ölkə olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, TANAP layihəsinin dəstəklənməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, Aİ üçün də önəmli məsələdir.
ARDNŞ-nin vitse-prezidenti Tofiq Qəhrəmanovun şirkətin strateji inkişaf layihələri, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevin ölkəmizdə neft-kimya sənayesinin inkişafı ilə bağlı keçirdikləri təqdimatlar sessiya iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Sessiyanın sonunda söz alan Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçərək dünya iqtisadiyyatında önəmli mövqeyə sahib olduğunu söyləmiş, bildirmişdir ki, bu irəliləyişdə ARDNŞ-nin rolu böyükdür və şirkətin Avropanın mərkəzində öz yerini təsdiqləməsi də bunu bir daha sübut edir. Bu gün ARDNŞ Azərbaycanı Avropa ilə daha da yaxınlaşdırmışdır. “Cənub qaz dəhlizi”nin Azərbaycanı Aİ ilə sıx bağlayacağını söyləyən Avropa komissarı TANAP layihəsini bu sistemin mühüm infrastruktur elementi kimi qiymətləndirmişdir. Günter Ottinger Belçikadakı nümayəndələyin fəaliyyətə başlaması münasibəti ilə ARDNŞ rəhbərliyini təbrik etmiş və demişdir: “Brüsselə xoş gəlmisiniz və çox sağ olun ki, gəlmisiniz.” Daha sonra açılış münasibəti ilə ziyafət verilmiş, Azərbaycanın tanınmış musiqi xadimləri konsert proqramı olə çıxış etmişlər.
Qeyd edək ki, Avropa Parlamentində ARDNŞ-nin Brüsseldəki ofisinin açılış mərasimində iştirak edən Azərbaycan nümayəndə heyətinin şərəfinə işgüzar nahar təşkil olunmuşdur.
|
|
|
|