Bakı, FinanceTime. Bu gün Buxarestdə Rumıniyanın Aİ Şurasına Sədrliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə nazirlərin rəqəmsal iqtisadiyyat üzrə 3-cü Şərq Tərəfdaşlığı görüşü keçirilib. Tədbirdə Aİ-nin rəqəmsal iqtisadiyyat üzrə məsul nazirləri və onların altı Şərqi tərəfdaş ölkəsindən (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası vəUkrayna) olan həmkarları bir araya gəlib. Sözügedən görüşün əsas məqsədi region boyu rəqəmsal sahədə əməkdaşlığı dərinləşdirməkdir.
Görüş zamanı Aİ və 6 tərəfdaş ölkəni təmsil edən nazirlərin 2020-ci ilin sonuna qədər Regional rouminq razılaşmasının imzalanması istiqamətində əməkdaşlığa dair dəqiq yol xəritəsinə əsaslanan və altı Şərq Tərəfdaşlığı ölkəsi arasında rouminq tariflərinin azaldılması ilə bağlı öhdəlikdən ibarət olan bəyannaməni təsdiq edəcəyi gözlənilir.
Tədbirdən öncə Avropa Komissiyasının Vahid rəqəmsal bazar məsələləri üzrə vitse prezidenti Andrus Ansip bunları deyib:“Rəqəmsal iqtisadiyyat istifadə edilməmiş potensiala malik bir sahədir və həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına gözəçarpan faydalar vermək üçün həyati-vacib əhəmiyyət kəsb edir. Bu gün bizim Şərq tərəfdaşlarımız öz ölkələri arasında rouminq tariflərinin azaldılması istiqamətində vacib addım atdılar. Bu, real təsirə malik tək bir konkret addımdır, ancaq məlumat axını, təhlükəsizlik və hüquqi-normativ tələblərin eyniləşdirilməsi kimi rəqəmsal sahənin hər bir cəhəti üzərində çalışmaq baxımından həlledici rol oynayır”.
Nazirlərin görüşü bu sahədə mövcud olan başqa mühüm problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Bu yaxınlarda icra olunmağa başlayan EU4Digital təşəbbüsünün Aİ və onun altı Şərqi tərəfdaş ölkəsi arasında bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Bununla geniş çeşidli internet xidmətlərin yaxşılaşmasına və ucuzlaşmasına, eləcə də şəxsi məlumatların daha yaxşı qorunmasına nail olunacaq. Təşəbbüs nəticəsində həmçinin sərmayələrin cəlb olunması, ticarət və məşğulluğun gücləndirilməsi nəzərdə tutulur. Beləliklə, mövcud şirkətlər daha sürətlə inkişaf edəcək, startapların yaradılması isə asanlaşacaq.
Nazirlərin sözügedən görüşü, 2017-ci ilin noyabrında baş tutan Şərq Tərəfdaşlığı Sammiti zamanı Aİ, ona üzv dövlətlər və 6 Şərqi tərəfdaş ölkəsinin qəbul etdiyi birgə öhdəliyin davamıdır və dörd prioritet sahə üzrə (daha güclü iqtisadiyyat, daha güclü idarəetmə, daha güclü əlaqələr və daha güclü cəmiyyət) 2020-ci il üçün 20 praktiki nəticə adlı dəqiq fəaliyyət planına əsaslanaraq regionda yaşayan vətəndaşlara gözəçarpan faydalar vermək məqsədi daşıyır.
Tarixçə
2009-cu ildən etibarən icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və onun altı şərq qonşusu (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Sözügedən çərçivədə bütün tərəfdaşlar diqqəti 2020-ci ilə qədər 20 praktiki nəticəni əldə etməyə yönəltməklə öz vətəndaşlarının gündəlik həyatına gözəçarpan dərəcədə mənfəət gətirməyə dair razılığa gəliblər.
Bu məzmunda region boyu rəqəmsal iqtisadiyyatların inkişafına dair əməkdaşlığı gücləndirmək məqsədilə Aİ diqqətini Rəqəmsal bazar proqramının biznes sahəsindəki maraqlı tərəflərə və vətəndaşlara təmin etdiyi potensialdan yararlanmağa cəmləşdirib. Onun qonşuluq ölkələri ilə birləşdirilməsi nəticəsində regionda yaşayan bütün vətəndaşlar faydalanacaq. Aİ rouminq tariflərinin azaldılmasında, kibertəhlükəsizlik probleminin əlaqələndirilmiş şəkildə həll edilməsində və regionda məşğulluq imkanlarını artırmaq məqsədilə Vahid rəqəmsal bazarın biznes sektoru və vətəndaşlara təqdim etdiyi potensialın istifadəsində Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.
Ətraflı məlumat üçün:
Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrindəki rəqəmsal iqtisadiyyata dəstəyi
2020-ci il üçün 20 praktiki nəticə
2020-ci il üçün 20 praktiki nəticə: 2018-ci ildə görülən işlərin vəziyyəti