Bakı, FinanceTime. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan "Kasperski Lab"ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur.
Əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üçün “Kaspersky Lab”ın həllərini əlverişli şərtlərlə korporativ müştərilərinə təklif edəcək.
Dünya səviyyəsində tanınan bu həllər mərkəzləşdirilmiş idarəetmə, çevik lisenziyalaşdırma xüsusiyyətləri və infrastruktur xərclərinin tələb olunmaması kimi üstünlüklərə malikdir.
“Kasperksy Lab”ın statistik məlumatına görə, 2018-ci ildə Azərbaycanda 18,2% korporativ istifadəçi internetdə kibertəhlükələrlə qarşılaşıb. Sözügedən şirkətin təqdim etdiyi texnologiyalar dünyanın 400 milyondan çox istifadəçisinin və 270 min korporativ müştərinin informasiya təhlükəsizliyini təmin edir.