|
|
|
Neft və qaz | | | Azərbaycanı qazlaşdıracaq şirkət müəyyənləşib |
24.07.2012 | |
| |
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi ölkənin qazlaşdırılması işləri ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
İB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, ölkənin bütün ərazisində qazlaşdırma işlərinin aparılması üzrə tenderdə «Qlobal Servis» MMC şirkətinin digər 45 yerli şirkətlə yaratdığı alyans qalib gəlib. «Qlobal Servis» şirkəti bu alyansın operatoru qismində çıxış edir.
Qeyd edək ki, «Qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması» üzrə tenderin son mərhələsində 3 şirkət iştirak edib. Bunlar Türkiyənin «Tekfen», yerli «Olimp mühəndislik» və «Qlobal Servis» şirkətləridir.
Artıq «Azəriqaz»la «Qlobal Servis» MMC arasında bununla bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 mlrd. 71 mln. 63 min manat təşkil edir.
Müqaviləyə uyğun olaraq Azərbaycanda həyata keçirilən bütün qaz layihələri bu şirkətə həvalə edilib və şirkət bütün ölkənin qazlaşdırmasını həyata keçirəcək. «Azəriqaz» İB-in Yeni qazlaşma və inkişaf şöbəsindən verilən məlumata görə, söhbət qazlaşdırma işlərinin dövlət başçısının sərəncamları ilə müəyyənləşdirilən müddətdə - 2013-cü ilin sonunadək başa çatdırılmasından gedir. Həmin sərəncamlara əsasən, gələn ilin sonunadək ölkə ərazisinin 95%-i qazlaşdırmalıdır: «Söhbət həm Bakının, həm rayonların, həm də kəndlərin qazlaşdırılmasından gedir».
Qeyd edək ki, əvvəlcədən təsdiqlənmiş qrafikə əsasən bu il ərzində Bakıda qazlaşdırma işləri başa çatacaq. Qazlaşdırma işləri üzrə yeni operatorun seçilməsi ilə əlaqədar «Azəriqaz» bu sahədə podratçılarla işini dayandıracaq və bu işi yeni şirkət həyata keçirəcək.
www.apa.az
|
|
|
|