|
|
|
Müsahibə - Vüsal Əliyev |
|
|
| “AtaTravel” MMC-nin Baş Direktoru
|
Vüsal Əliyev: Azərbaycan turizmi inkişaf etməkdə davam edir
İlk növbədə, bir qədər şirkət haqqında və ölkəmizdə turizmin inkişafı barədə nə deyə bilərsiz? |
Zənnimcə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanda turizmin inkişafına yeni təkanı Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin aviabiletlərin qiymətlərinin aşağı salınması və büdcə aviadaşınmalarının genişləndirilməsi haqqında göstərişləri vermişdir.
Bu, turist turlarının qiymətlərinin aşağı düşməsinə və turagentliklərin fəaliyyətinə müsbət təsir göstərmişdir. Bir daha nümayiş etdirilmişdir ki, ölkəmizin turist sektoru hökumətin daimi diqqəti və qayğısı altındadır.
“AtaHolding”ASC Şirkətlər Qrupuna daxil olan “AtaTravel” turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. “AtaTravel”dünyanın müxtəlif nöqtələrinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri göstərir. Bizim bütün əməkdaşlar diplomlu və sertifikat almış mütəxəssislərdir. Bundan əlavə, biz müntəzəm olaraq müxtəlif istiqamətlər üzrə, məsələn, avia-kassirlər üçün treninqlər keçiririk, tur-menecerlər üçün satış treninqləri, servis və info-turlar üzrə treninqlər təşkil edirik.
Ölkəmizdə turizm sahəsi hazırda dinamik inkişaf edir, turların səviyyəsi və təkliflərin sayı sürətlə artır. Qeyd etmək lazımdır ki, son vaxtlar daxili turizm sürətlə inkişaf edir, çoxlu sayda otellər açılmış, elektron viza rejimi tətbiq edilmişdir ki, əvvəllər onun olmaması Azərbaycana xarici turist axınının qarşısını alırdı. Bütövlükdə, turizm – müasir iqtisadiyyatın insanların tələbatlarının yerinə yetirilməsinə və əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş ən mühüm fəaliyyət sahələrindən biridir. Cəsarətlə demək olar ki, dünya böhranına baxmayaraq, Azərbaycan turizmi inkişaf etməkdə davam edir.
Sizin xarici turoperatorlarla müştərək işiniz necə qurulur?
“AtaTravel” MMC dünya turizm sənayesində geniş və fəal təqdim edilməyə çalışır. Bunun üçün rəsmi şəxslərlə görüşlər keçirilir, əməkdaşlığın konkret müzakirələrinin istiqamətləri müəyyən edilir, texniki detallar razılaşdırılır və perspektiv üçün müştərək planlar işlənib hazırlanır.
Biz müntəzəm olaraq Londonda, Berlində, Moskvada keçirilən nüfuzlu turizm sərgilərində iştirak edirik. Sərgi fəaliyyəti beynəlxalq əlaqələrin qurulmasına böyük köməklik göstərir. “AtaTravel” şirkətinin cəmi dörd il əvvəl yaradılmasına baxmayaraq, biz Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist qrupları cəlb etməyə nail olmuşuq. Düşünürəm ki, bunu bizim uğurlu fəaliyyətimizin göstəricisi adlandırmaq olar. Bundan başqa, bizim şirkət təklif olunan şəraitlə daha yaxşı tanış olmaq məqsədilə hər il Azərbaycanın regionlarına info-turlar təşkil edir.
Biz partnyorluq münasibətlərimizi də qurmuş və Macarıstanın qabaqcıl turoperatorlarından biri – “1000 yol” ilə məhsuldar əməkdaşlıq edirik. Bu operator ölkə üzrə özünün böyük olmayan otellər şəbəkəsinə malikdir ki, bu da ona balanslaşdırılmış qiymətlər siyasəti yürütməyə imkan verir. Məlum olduğu kimi, gələn ilin mart ayında birbaşa Budapeşt-Bakı-Budapeşt aviareysi bərpa olunacaq. Bu amillər sayəsində şirkətimiz yenidən turistlərimiz üçün həm Macarıstana, həm də Avropanın digər ölkələrinə baha olmayan turlar təklif edə biləcək.
Düşünürəm ki, info-turların nə üçün olduğunu, onların mahiyyətini daha ətraflı izah etsəniz, oxucular üçün də maraqlı olar.
İnfo-turların keçirilməsinin zəruriliyi turizm biznesinin spesifikasından irəli gəlir. İnfo-turların keçirilməsi yerlərdə tərəfdaş turist şirkətinin potensialı və ölkənin bütün üstünlükləri, görməli yerləri və kurortları ilə tanış olmağa gözəl imkandır ki, bu da həmin istiqamətləri öz müştərilərinə əminliklə təklif etməyə imkan verir.
Müasir turistlər daha tələbkar olub, onlar hara gedəcəklərini, onları kimin qarşılayacağını və bütün bunların hansı qiymətə başa gələcəyini dəqiq bilmək istəyirlər. Yerlərdə bilavasitə vəziyyətlə tanış olmamış, turfirmalar müştərilərinə zəmanətli xidmət göstərə bilməz, bu, yaranmış beynəlxalq praktikadır. Bu baxımdan geniş proqramlı info-turun təşkili turoperatorlara böyük köməkdir. Tur ərzində menecer konkret olaraq ekskursiyanın təşkili, səfərin marşrutları ilə konkret tanış olur, öz üzərində xidmətlərin keyfiyyətini və s. sınayır.
Məsələn, Azərbaycan turizmi üçün yeni istiqamətin – Macarıstanın açılışı ərəfəsində bizim macar tərəfdaşlarımız Azərbaycan tərəfi üçün görməli yerlərlə, mehmanxana biznesinin xidmət səviyyəsi və keyfiyyəti, termal sularda sağlamlaşdırıcı istirahətin istiqamətləri ilə tanışlıq üçün Macarıstana tanıtım turu təşkil etmişdilər.
Öz növbəsində, biz də Macarıstan turizm sənayesinin nümayəndələri üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə cavab info-turu təşkil etdik. Macarıstan-Turizm QSC-ni, macar turizm firmalarını təmsil edən info-tur uştirakçıları Azərbaycanın paytaxtında olmuş, müxtəlif tarixi yerləri, muzeyləri və mədəni obyektləri gəzmişlər. İnfo-turun iştirakçılarının rəylərinə görə, onlar Azərbaycanın turizm sahəsinə, dövlət dəstəyinə və turbiznesdə özəl sektorun fəallığına heyran qalmışlar.
Bu aksiya çərçivəsində “Excelsior Otel Baku”da Macarıstan tərəfindən Azərbaycan turoperatorları və turagentlikləri üçün öz turizm imkanlarının nümayişinin təqdimatı baş tutmuşdur. Təqdimat mərasimində turizm üzrə müşavir Şandor Fabian, Macarıstanın qabaqcıl turoperatoru olan “1000 yol”un rəhbəri Aleksandr Baranov çıxış etmişlər. Bütün bunlar tərəflərin partnyorluq əlaqələrinə və info-turların effektivliyinə mühüm diqqət ayırdıqlarını göstərir.
Qış mövsümü ilə əlaqədar sizin şirkətin hansı turları daha populyardır?
Populyarlığına görə birinci yerdə Türkiyədir, sonra Sloveniya və Çernoqoriya gəlir. O cümlədən, Azərbaycan üzrə daxili turizm də inkişaf edir. Əminliklə deyə bilərəm ki, bizim doğma yerlərimiz öz gözəlliyi ilə tanınmış kurortlardan heç də geridə qalmır. Onu da deyim ki, daxili turizm həmvətənlərimiz arasında daha çox populyarlıq qazanmaqdadır. Ölkəmizdə çoxlu sayda gəzməli yerlər və gözəl təbii landşaftlar vardır. Qısa vaxt ərzində bir neçə iqlim zonasında gəzmək olar, bu yaxınlarda açılmış Şahdağ dağ-xizək kurortu seçim imkanını çox yaxşı tamamlamışdır.
Sizin yeni məhsullar hansılardır?
Yeni təkliflərə gəlincə, Yeni il ərəfəsində “AtaTravel” yeni il turlarını təqdim etmişdir. Turagentlik bütün arzu edənlərə münasib qiymətlərlə “Tokioda Yeni il”, “Praqada Yeni il” turlarını təklif edir. Həmçinin, ekzotika həvəskarları üçün Yeni ili Malayziya və Sinqapurda qarşılamaq xüsusi təklifi də vardır. Dənizin sahilə çırpınan dalğaları, bayram əhval-ruhiyyəsi, ləziz menyu, şən rəqslər, atəşfəşanlıq Yeni il gecəsini unudulmaz edəcək.
Ətraflı müsahibəyə görə sağ olun!
|
|
|
|