Mayın 14-də Avropa Parlementinin Brüssel qərargahında ARDNŞ-ın Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov Avropa Parlamenti və digər beynəlxalq qurumlarda təcrübə keçən azərbaycanlı gənclər arasında görüş keçirilib.
Görüşdə AzeDer - Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunan proqramın iştirakçıları Avropa Parlamentində ötən iki ay ərzində topladıqları təcrübə haqda danışdılar. Vüsal Məmmədov öz növbəsində təcrübə proqramının əhəmiyyətini və Azərbaycanın gələcəyi üçün dəyərli kadrların yetişdirilməsində mühim rolunu qeyd etdi. O bildirdi ki, təcrübə proqramı “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının bir hissəsi kimi qiymətləndirilməlidir.
Görüş əsnasında azərbaycanlı gənclərin gələcək planları, təcrübə proqramının inkişafı və əməkdaşlıq imkanları müzakirə olundu.
Xatırladaq ki, Avropa Parlamenti və digər beynəlxalq qurumlarda 22 azərbaycanlı gənc təcrübə proqramı keçməkdədir. Layihə AzeDer - Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunub və "Partnyor" Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilir.
Qeyd edək ki, ilin sonunadək təcrübə proqramında 120-dək azərbaycanlı gəncin iştirak etməsi gözlənilir.