“SOCAR Petroleum” S.A. İSO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına qoşulub.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən hazırlanan İSO 9001 bütün dünyada qəbul edilən keyfiyyəti idarəetmə standartı olmaqla, müəssisənin istehsal etdiyi məhsulun və təklif olunan xidmətin keyfiyyətinə təminat verir. Şirkət “Keyfiyyəti İdarəetmə Sistemi” standartı olan İSO 9001:2008 ilə yanaşı İSO 18001:2008 (“Əməyin və Sağlamlığın Mühafizəsinin İdarəetmə Sistemi”), İSO 14001:2005 (“Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemi”) və İSO 22000:2005 (“Qida (Ərzaq) Məhsullarının Təhlükəsizliyi İdarəetmə Sistemi”) standartı olan beynəlxalq sertifikatları da alıb.
“SOCAR Petroleum” həmin beynəlxalq sertifikatları almaq məqsədilə “SC Racis Management Systems SRL” şirkətini yoxlamaya dəvət edib, qısa müddət ərzində verilən tövsiyələr də nəzərə alınmaqla keyfiyyət, əməyin və sağlamlığın, ətraf mühitin mühafizəsi, ərzaq məhsullarının təhlükəsizliyi idarəetmə sistemlərii üzrə bütün zəruri prosedurlar, qayda və təlimatlar hazırlanaraq onlara riayət edilib.
Dəvət olunan şirkətin aparıcı auditorları tərəfindən keçirilən yoxlamaların nəticəsi olaraq qeyd olunan bütün sahələrdə beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq edilib. Daha sonra akkreditasiya sahəsində tanınan “SC Grup de Certificare Sisteme de Management SRL (GCSM)” şirkəti sertifikatlaşdırmaya dəvət olunub, auditin nəticəsi olaraq “SOCAR Petroleum”a 3 il müddətinə 4 beynəlxalq dərəcəli sertifikatın verilməsinə dair qərar qəbul edilib.
www.apa.az