Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasənölüm səbəbinə görə dünyada ürək-damar xəstəliklərindən sonrainsult ikinci yerdədir.
29 oktyabr - Ümumdünya İnsultla mübarizə Günüdür. Bu günün qeyd edilməsinin məqsədi diqqəti bu xəstəliyin ciddiliyinə və onun erkən aşkarlanmasının zəruriliyinə cəlb etməkdir.
Bütün dünyada olduğu kimi, xəstəliyin cavanlaşması son vaxtlar Azərbaycanda da müşahidə edilir. İnsultun insanlar arasında belə yayılmasının səbəblərini araşdırmaq üçün suallarımızı Mərkəzi Gömrük Hospitalının nevroloqu Dr.Mənsumə Talıbovaya ünvanladıq.
- Mənsumə həkim, işemik insult haqqında nə deyə bilərsiniz?
İnsult beynin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır.
İşemik insult – beyin qan axınının kəskin pozulması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsidir. 24 saatdan artıq davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.
İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında - ətraflarda uyuşma, qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitqin və görmənin pozulması, başgicəllənmə ilə özünü göstərir. Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur.
- Son vaxtlar işemik insult hallarının artma səbəbləri hansılardır?
- Ümumiyyətlə, insultun yaranma riskini artıran üç əsas amil - hipertoniya, yüksək xolesterin və artıq çəkidir.Ekologiyanın çirklənməsi, keyfiyyətsiz qida məhsullarının, fast fud qidalarının qəbulu, oturaq həyat tərzi, fiziki aktivliyin az olması, yüksək qan təzyiqin olmasına fikir verməmək və müalicə olunmamaq, stress hallarının artması kimi faktorlar işemik insultun yaranma riskinə şərait yaradanəsas səbəblərdir.
- İnsultun əlamətləri hansılardır? Hansı narahatlığı hiss etdikdə həkimə müraciət etmək lazımdır?
- İnsultun əlamətlərinə bir qolda və ya ayaqda, xüsusən də bədənin yalnız bir tərəfində ani uyuşma və zəiflik, danışmaq və anlamaqda çətinlik çəkmə, bir və ya hər iki gözdə ani görmə itkisi, ani və səbəbi bilinməyən kəskin baş ağrısı, anidən yerişin pisləşməsi, başgicəllənməsi, tarazlıq və koordinasiya itkisi aiddir. Bu kimiəlamətləri hiss etdikdə, dərhal həkimə müraciət olunmalıdır.
- İnsultun risk faktorları barədə nə deyə bilərsiz?
- Yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterol səviyyəsi, bilinən ürək ritm pozulması olan şəxslər risk qrupuna aiddir. Həmçinin, siqaret çəkmə, oturaq həyat tərzi, çəkisi çox olan, düzgen qidalanmayan və səhv yemək vərdişləri olan şəxslər də risk qrupundadırlar.
Bu xəstəlik dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 15 milyondan çoxinsan insultdan əziyyət çəkir və təxminən 6 milyon nəfər bu xəstəlikdən dünyasını dəyişir. Damar xəstəlikləri ölümlərin yarıdan çoxunu təşkil edir və əgər son vaxtlar insult əsasən 55-60 yaşdan yuxarı xəstələrdə baş verirdisə, indi bu halların təxminən üçdə biri əmək qabiliyyətli yaşda, yəni 25-50 yaşlılar arasında baş verir. Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir.
- İşemik insultun müalicəsi varmı? Vaxtında müraciət etdikdə bu xəstəlikdən qurtulmaq mümkündürmü?
- İnsult - müalicəsi təxirə salınmadan edilməli olan xəstəliklərdəndir. Çünki, beyin damarı tıxandıqda beyin toxumasında geridönülməz zədələnmələr başlayır. Təcili müalicəyə başlamadıqda bu zədələr daha da genişlənir. Tıxanmış damar böyük olduqda və müalicə müddəti uzandıqda beyin zədələnməsi daha da artır. Tıxanan damarın qısa müddətdə açılması bütün bunların qarşısını alır və beyin toxumasındakı ziyanın genişlənməsinin qarşısını alır. İnsult nəticəsində beyin toxumasına dəyən zədələri nə qədər çox məhdudlaşdıra bilsək, o qədər tez və daha sürətli bərpa edə bilərik. Bu səbəbdən, insultdan danışarkən, təcili müalicə erkən və təxirəsalınmadan bərpa deməkdir.
Müsahibəni apardı: Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi