2-3 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA), ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və CRDF Qlobalın ABŞ Dövlət Departamentinin Təhlükələrin Birgə Azaldılması Bürosu ilə birgə əməkdaşlığı çərçivəsində ABA üzvləri üçün təlim keçirilmişdir.
İki günlük təlim “Azərbaycanda sanksiya rejiminə uyğunluğun və maliyyə sektoru təcrübələrinin gücləndirilməsi” mövzusuna həsr edilmişdir.
Azərbaycanın 17 bankından və dövlət tənzimləyici qurumlardan 80-dən çox komplayens mütəxəssislərini, həmçinin ixraca nəzarət və sanksiyalar üzrə ekspertlərini bir araya gətirən təlimdə “PricewaterhouseCoopers” və “Bethany Banks”ın ekspertləri də iştirak etmişdir.
Əlavə edək ki, təlim cari ilin 22-25 aprel tarixlərində Mərkəzi Bankın (ARMB) sədri Taleh Kazımovun rəhbərliyi ilə ARMB və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, həmçinin bir sıra bankların sədrlərinin iştirak etdiyi Azərbaycan Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərinin davamı olaraq təşkil edilmişdir.
Missiyanın əsas məqsədi isə hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərmək olmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.