Maliyyə institutlarında gender maliyyəsinin təşviq edilməsi məqsədilə onlayn görüş keçirilib
04.09.2024
30 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə maliyyə institutlarında gender maliyyəsinin təşviq edilməsi məqsədilə ABA-ya üzv banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri ilə onlayn formatda görüş keçirilib.
Görüşdə beynəlxalq təcrübəli ekspert tərəfindən gender maliyyəsinin əhəmiyyəti və maliyyə institutları tərəfindən bu istiqamətdə yeni məhsulların yaradılmasının vacibliyi diqqətə çatdırılıb.
Həmçinin qadınların maliyyə institutlarının müxtəlif sahələrində iştirakının artırılması üzrə siyasətin formalaşdırılması məsələsi müzakirə olunub və ölkəmizin bu istiqamətdəki statistikası nəzərdən keçirilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.