24 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər.
Muzeyin bələdçisi ziyarətçilərə bu muzey haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan Hərb Tarixi Muzeyi müdafiə nazirinin əmri ilə 1992-ci il dekabrın 10-da yaradılıb. İki mərtəbə və 13 zaldan ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Muzeydə dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur. Muzeydə Azərbaycanın milli qəhrəmanlarından 211 şəxsə aid ayrıca zal var.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti şəhidlərə həsr olunmuş stendin qarşısında dayanaraq, onların və gömrük əməkdaşı Ülvi Hacıyevinəziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Muzeyin dəyərli eksponatlarından olan, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri böyük maraq doğurur. Muzeyin əməkdaşı ziyarətçilərə tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında da məlumat verib.
Azərbaycan Hərb Tarixi Muzeyi ordumuzun şanlı tarixinin təbliğində mühüm rol oynayır. Bu gün muzeydə əsrlər öncə istifadə edilən silahlardan tutmuş, hazırda Azərbaycan Ordusunda yer alan müasir silahların maketləri və həqiqi vahidləri sərgilənir. Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərə məxsus geyimlər, şəxsi əşyalar, həmçinin, açıq havada sərgilənən 130-dan artıq hərbi texnikalara baxış ziyarətçilərdə xoş təəssürat yaradıb.
Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi